Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 33% azalıb
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-mart aylarını 0,4 milyon manat xalis zərərlə başa vurub.
“Birxeber” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,3% azdır.
3 ay ərzində kredit ittifaqlarının gəlirləri 0,8 milyon manat (illik müqayisədə 14,3% çox), xərcləri 0,3 milyon manat (57% çox), xüsusi ehtiyatlara ayırmaları 0,8 milyon manat (20% az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 14,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % azdır. Bunun 12,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,1 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 15,5 % azalaraq 4,9 milyon manata düşüb, balans kapitalı isə 1,1% artaraq 9,6 milyon manata çatıb.