Qubada kənd təsərrüfatına mənfi təsir göstərən amillər açıqlanıb

Qubada kənd təsərrüfatına mənfi təsir göstərən amillər açıqlanıb

İqlim dəyişikliyi, qlobal istiləşmə su ehtiyatlarının azalmasına səbəb olur ki, bu da Quba rayonunda kənd təsərrüfatı üçün böyük problemlər yaradır.

“Report” xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilən III Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, su ehtiyatlarının azalması məhsuldarlığa və fermerlərə mənfi təsir göstərir: “Tətbiq edilən yeni texnologiyalar, innovativ metodlar su ehtiyatlarının səmərəli istifadəsinə yönəldilməlidir.

Qubada kənd təsərrüfatına təsir edən mühüm problemlərdən biri də urbanizasiya, əhalinin şəhərlərə üz tutmasıdır. Kənd təsərrüfatında görülən işlər, qoyulan investisiyalar bu problemin həllinə öz töhfəsini verə bilər. Rayonda emal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, maddi rifahın yaxşılaşdırılması deməkdir. Bu həm rayon, həm də ölkə iqtisadiyyatına böyük töhfələr verəcək”.