Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə "Birxeber.Az"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, cari ilin 15-19 aprel tarixlərində keçiriləcək növbəti monitorinq zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.

Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Abşeron, Şabran, Xaçmaz, Siyəzən, Lənkəran, Cəlilabad, Hacıqabul, Biləsuvar, Bərdə, Tərtər, Mingəçevir, Sabirabad və Beyləqan rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Xızı, Şabran, Xaçmaz, Lənkəran, Masallı, Salyan, Biləsuvar və Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.