Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb

Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını bu qurumun mövcud olub-olmadığını, fəaliyyət göstərdiyini və ya regionu tərk edib-etmədiyini anlayana qədər dondurub.

“Birxeber.Az” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan onu da bildirib ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçiriləcək görüş Rusiyaya qarşı yönəlməyib.

"Ermənistanın hərəkətləri ölkənin suverenliyini qorumağa yönəlib", - o vurğulayıb.

Xatırladaq ki, KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov da ötən gün bildirib ki, Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin işində iştirak etməyib, lakin katibliyə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb.

“Biz, təbii ki, analitiklərimizin və onların əlində olan vasitələrin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Gizlətməyəcəm ki, erməni elitasında müəyyən hadisələr narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi ayıqlıq nümayiş etdirəcəyinə və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin düşünülmüş şəkildə qiymətləndirilməsinə ümid edirik”, - o bildirib.