Çinin “Phoenix” telekanalı: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır

Çinin “Phoenix” telekanalı: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının Azərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər mövzularda suallarını cavablandırıb.

Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub.

Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki, ki, Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olan Şərq-Qərb nəqliyyat dəhlizi rəqabətədavamlı, eyni zamanda, təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər.

Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı konfransında əsas mövzu olacaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: “Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkələrimiz Çin arasında dərin tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədr Si Cinpinlə dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıq imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çinin ticarət əlaqələri davamlı olaraq genişlənir.

Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin ilə Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.