Zelenski: “Rusiyanın mayda genişmiqyaslı hücumu gözlənilir, amma biz hazır deyilik”

Zelenski: “Rusiyanın mayda genişmiqyaslı hücumu gözlənilir, amma biz hazır deyilik”

Rusiyanın bu il mayın sonu və ya iyunda Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma keçməsi gözlənilir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News”a açıqlamasında deyib. O, bildirib ki, silah-sursat çatışmazlığı ilə üzləşən Ukrayna müdafiəçiləri bu hücuma hazır deyil və Qərbin göndərəcəyi silahlara ehtiyacı var.

Zelenski Rusiyanın “tükənməz raket ehtiyatları və mərmiləri”nin bəzi kəndləri məhv etdiyini əlavə edib.

“Bizim mərmilərimiz, artilleriya mərmilərimiz, bir çox müxtəlif şeylərimiz yoxdur… Bizim yardıma indi ehtiyacımız var”, - Zelenski deyib.
Ukrayna Prezidenti vurğulayıb ki, onun qüvvələri Rusiyanın hücumunu dayandırsa da növbəti genişmiqyaslı hücuma qarşı müdafiəyə hazır deyil. O, Rusiyanın xüsusilə də uzaqvuran artilleriya imkanlarının Ukrayna ilə müqayisədə daha yaxşı olduğunu etiraf edib.

“Baxmut, Avdeyevka, Lisiçansk, Soledar və digər yerlərdə artilleriya mərmisinin vuruş məsafəsi 20 kilometrdən çox olan düşmənə qarşı döyüşmək həqiqətən də çətin idi, bizim artilleriyamız isə 20 kilometrdən qısa məsafəyə atəş açır”, - Zelenski deyib.

O, Ukraynanın daha çox Patriot HHM siteminə və artilleriyaya ehtiyac duyduğunu qeyd edib.

Zelenski ABŞ-ın ayırdığı milyardlarla dolların hələ də ABŞ-da qaldığını deyib.

"On milyardlarla dollar ABŞ-da qalır. Gəlin dürüst olaq, Konqres, administrasiya tərəfindən ayırılan vəsaitin əksər hallarda 80%-i, ən azı 75%-dən çoxu ABŞ-da qalır. Bizə sursat gəlir, lakin istehsal orada baş verir və pul da ABŞ-də qalır, vergilər ABŞ-də qalır. Bəli bizə nəhəng dəstək gəlir, lakin bizim buna ehtiyacımız var”,- Zelenski deyib.