DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın

DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

"Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.

Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, - E.Hacıyev vurğulayıb.