Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək

Yaponiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirmək niyyətindədir, lakin agentliyin şəffaflığının artırılmasında və beynəlxalq ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsində israr edir.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Yoko Kamikava ilə UNRWA-nın komissarı baş komissarı Filip Lazzarini arasında Tokioda keçirilmiş görüşdən sonra Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Nazir Kamikava təşkilatın kompleks halda yoxlanılmasının, digər beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin, rəhbərlikdə qadınların rolunun artırılmasının tərəfdarı olduğunu bildirib. Bundan əlavə, təşkilat daxilində maliyyə əməliyyatlarının şəffaflığının və monitorinqinin təmin edilməsinin, eləcə də işçilərinin neytrallığının qorunmasının vacibliyi vurğulanıb”, - hesabatda deyilir.

Cavabında Lazzarini bildirib ki, UNRWA Yaponiya ilə birlikdə layihələrin idarə edilməsi və monitorinqi üçün yeni struktur yaratmaq niyyətindədir və UNRWA-dakı Yaponiya personalından bu sistemdə fəal rol oynamaları xahiş olunacaq. “Buna əsaslanaraq, hər iki tərəf Yaponiyanın töhfələrini yeniləmək üçün tələb olunan səylərlə bağlı yekun düzəlişlər etmək barədə razılığa gəliblər", - XİN-dən qeyd edilib.

Xatırladaq ki, yanvarın sonlarında Böyük Britaniya, Almaniya, ABŞ və Yaponiya da daxil olmaqla bir neçə ölkə HƏMAS ilə şübhəli əlaqələrə görə UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb. Bu yaxınlarda Avstraliya, Danimarka, Kanada və İsveç agentliyin maliyyələşdirilməsini yenidən bərpa etsələr də, digər donorlar hələlik bunu etməyiblər.