Mingəçevirdə məcburi köçkünlərin yaşadığı keçmiş yataqxanada yanğın olub

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı keçmiş yataqxanada yanğın olub

Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən keçmiş yataqxana binasında yanğın olub.

"Report"un qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.