Azərbaycan Cüdo Federasiyasının baş katibi: Olimpiadaya minimum 9 lisenziya qazanmağı düşünürük

Azərbaycan Cüdo Federasiyasının baş katibi: Olimpiadaya minimum 9 lisenziya qazanmağı düşünürük

Olimpiadaya minimum 9 lisenziya qazanmağı düşünürük.

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu milli üzvlərinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində çıxışı barədə danışarkən bildirib.

ACF rəsmisi təmsilçilərimizin nəticələrindən razı qalıb: "İdmançılarımız "Böyük Dəbilqə" yarışında 2 gümüş və 2 bürünc medal qazanıblar. Onlar arasında 5-7-ci yerləri tutanlar da oldu. Nəticəni həm də o baxımdan yaxşı qiymətləndiririk ki, yığmanın ehtiyat heyəti özünü çox yaxşı göstərdi. Bu da bizə 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ümidlə baxmağa imkan verir. 7 çəki dərəcəsinin hər birində lisenziya qazanmağı hədəfləmişik".

O, qadın cüdoçuların turnirdəki çıxışına toxunub: "Leyla Əliyeva və Acelya Toprak Tbilisidə keçirilən turnirdə öz istedadlarını nümayiş etdirdilər. İnanırıq ki, hazırda Yaponiyada təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandamız da sözünü deyəcək. 48 və 52 kq çəkilərdə, demək olar ki, lisenziyanı təmin etmişik. 57 kq çəki dərəcəsində də lisenziya əldə etmək şansımız kifayət qədər böyükdür".

Baş katib gələcək planlar barədə məlumat verib: "İrəliyə baxsaq, diqqətimizi qarşıdan gələn Yay Olimpiya Oyunlarına yönəltmişik. Bu yarış ərəfəsində, apreldə Avropa çempionatı, mayda dünya çempionatı keçiriləcək. Bütün hazırlıq Paris olimpiadasına yönəldilib. Ona görə də Avropa və dünya çempionatında iştirak edəcək idmançılarımızın hazırlığı olimpiada nəzərə alınaraq görülür. Kişilərdən ibarət milli komanda Antalyada "Böyük Dəbilqə" turnirində mübarizə aparacaq, daha sonra isə orada təlim-məşq toplanışı keçəcək. Avropa çempionatına hazırlıqlar Bakıda davam etdiriləcək, ondan sonra beynəlxalq təlim-məşq toplanışı keçiriləcək. Dünya çempionatına hazırlıq çərçivəsində Bakıda, Xorvatiyanın Poreç şəhərində və İspaniyada təlim-məşq toplanışlarının təşkili planlaşdırılır. İnanıram ki, komandamız Yay Olimpiya Oyunlarında da yüksək nəticə üçün əlindən gələni edəcək".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar.