Bolqarıstanlı futbolçu: Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik

Bolqarıstanlı futbolçu: Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik

Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik.

“Report”un məlumatına görə, bunu Bolqarıstan millisinin futbolçusu Viktor Popov “FIFA series - Edition 2024” layihəsində Azərbaycan yığması ilə heç-heçə (1:1) etdikləri oyunla bağlı yerli mətbuata açıqlamasında deyib.

24 yaşlı müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada çox sayda qol imkanlarını qaçırdıqlarını söyləyib: “Azərbaycanda yaxşı hazırlıq keçdik. Uyğunlaşmaqda bir az çətinlik çəkdik. Çünki onlar bizdən iki saat öndədirlər. Azərbaycanla matçda hesabda önə keçənə qədər çox sayda qol imkanlarımız oldu. Rəqibin də şansları yarandı. Əvvəllər belə komandalarla qarşılaşmamışdıq. Bu baxımdan toplanış çox faydalı oldu”.

Sağ cinah oyunçusunun fikrincə, rəqibləri qiymətləndirməmək onlara baha başa gəlib: “Bolqarıstanın ən böyük problem odur ki, kiçik ölkələr lazımınca qiymətləndirilmir. Halbuki həmin rəqiblərin heyətlərinə nəzər yetirsək, kifayət qədər yaxşı komandalarda oynayan futbolçularının olduğunu görərik”.

Qeyd edək ki, Bolqarıstan yığması “FIFA series - Edition 2024” layihəsindəki digər oyunda Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan millisi isə Monqolustanı eyni hesabla üstələyib.