Emin Ağalarov: “Crocus City Hall”da təxliyə çıxışları normal işləyib

Emin Ağalarov: “Crocus City Hall”da təxliyə çıxışları normal işləyib

Terror aktından sonra “Crocus City Hall”da təxliyə çıxışları normal işləyib, lakin insanlar qaçarkən işçilər üçün bağlı qapılara rast gəliblər.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu “Crocus Qrup”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Rossiya 24” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Crocus City Hall”da kifayət qədər yanğın çıxışı var: “Qapıların bağlı olduğu yerlərdə isə bunlar yanğın çıxışları deyil - bunlar xidməti otaqlardır. Həmin qapılar kartlarla açılır və buna yalnız şəxsi heyətə icazə verilirdi. Dəhşət və qorxu içində olan insanlar isə hər hansı çıxış yolu axtarıblar. Təxliyə çıxışları nəinki normal işləyirdi, videoya qayıtsaq, atışma başlayanda zalda hələ də insanların olduğu bir video var. Terrorçuların hələ də atəş açdığı eyni video var. Lakin həmin videoda zal demək olar ki, boşdur. Bu, təxminən altı min insanın binanı tərk etdiyini göstərir... “Crocus City Hall” qonaqlarının çoxu binanı tərk etməyi bacarıb”

Emin Ağalarov əlavə edib ki, “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı 150 milyon dollar lazımdır: "Xatırladığım qədər, 15 il əvvəl "Crocus City Hall"un tikintisi atam Araz Ağalarova 70 milyon dollara başa gəlib. Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”