Cəlilabad qəbiristanlığına gedən yol bərbad vəziyyətə düşüb

Cəlilabad qəbiristanlığına gedən yol bərbad vəziyyətə düşüb

Cəlilabad şəhəri ərazisində yerləşən qəbiristanlığa gedən yol bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup sakin məlumat verib.

Onların sözlərinə görə, sözügedən qəbiristanlıq Cəlilabad şəhərinin Səttərxan yaşayış massivində yerləşir. Sakinlər bildiriblər ki, qəbiristanlığa gedən yol uzun müddətdir bu vəziyyətdədir: "Yolda qışda palçıqdan, yayda isə toz əlindən hərəkət etmək mümkünsüz olur. Bu qəbiristanlıq Cəlilabad şəhərinin ən böyük qəbiristanlıqlarından biridir. Hər gün bu yoldan yüzlərlə nəqliyyat vasitəsi və sakinlər istifadə edirlər. Ölülərimizi dəfn etməyə və ya ziyarət etməyə gedəndə çox çətinlik çəkirik. Xahiş edirik ki, bu yola bir əncam çəkilsin".

Sakinlər, həmçinin qeyd ediblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub.

Məsələ ilə bağlı Cəlilabad Şəhər Bələdiyyəsindən "Report"un Muğan bürosuna bildirilib ki, sözügedən problemdən xəbərdardırlar. Lakin sakinlərin bələdiyyəyə olan borcları ödəndikdən sonra problem öz həllini tapacaq.

Qeyd edək ki, sözügedən yol üzərində 30-a yaxın yaşayış evi yerləşir.