Qaribaşvili: Azərbaycan-Ermənistan arasında sülh regiona yeni imkanlar gətirəcək

Qaribaşvili: Azərbaycan-Ermənistan arasında sülh regiona yeni imkanlar gətirəcək

Gürcüstanın hökumət administrasiyası Baş nazir İrakli Qaribaşvilinin Tbilisidə ermənistanlı həmkarı Nikol Paşinyanla müzakirə etdiyi mövzuları açıqlayıb.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, tərəflər Ermənistan və Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə keçməsinin ölkələr arasında əməkdaşlığı gücləndirəcəyini qeyd edib.

Həmçinin ticarət, iqtisadiyyat, logistika və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib. Məlumata görə, müzakirə edilən mövzular arasında regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar da olub. İrakli Qaribaşvili Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, sülh və sabitliyin təmin olunması regiona yeni imkanlar gətirəcək.

“Ermənistan və Azərbaycan respublikalarının Baş nazirlərinin Tbilisidə görüşünün keçirilməsi də daxil olmaqla Gürcüstanın regionda sülh və sabitliyin təşviqində rolu və səyləri qeyd olunub. İrakli Qaribaşvili Gürcüstanın regionun dinc inkişafı naminə birbaşa səylərini davam etdirməyə hazır olduğunu ifadə edib”, - məlumatda bildirilib.