Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı hələlik heç bir rəsmi versiya açıqlanmayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “İzvestiya”ya deyib.

Jurnalist Peskova ünvanladığı sualında araşdırmanın nə yerdə olmasını soruşaraq “Ukrayna izinin göründüyünü” bildirib.

Peskov isə hələ heç bir rəsmi versiyanın olmadığını söyləyib:

“Gözləyin, fikir veribsinizsə, hələlik heç kim rəsmi versiya açıqlamayıb. Demək, sadəcə gözləmək lazımdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və digər rəsmi şəxslər terror aktında “Ukrayna izi”nin olmasına eyham vurublar. Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya nəşrləri Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalanacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.