Trampın Ağ Evə qayıdışı ABŞ və dünya üçün nə vəd edir? - MÜSAHİBƏ

Trampın Ağ Evə qayıdışı ABŞ və dünya üçün nə vəd edir? - MÜSAHİBƏ

“Super çərşənbə axşamı” praymerizlərindən qalib çıxan ABŞ-nin sabiq Prezidenti Donald Tramp Respublikaçılar partiyasının prezidentliyə vahid namizədi olmaq şansını zəmanət altına alıb. Rəy sorğuları onun rəqibi Co Baydendən bir qədər öndə olduğunu göstərir. Lakin NATO-ya, Ukraynada müharibəyə, miqrasiya siyasətinə, qlobal iqtisadiyyata, abort hüququna və s. fərqli baxışı olan Trampın yenidən Ağ Evə qayıtması onun müttəfiqlərini, eləcə də əks fikirdə olan ABŞ vətəndaşlarını çətin vəziyyətdə qoya bilər. Trampın “bir günlük diktator” olacağını deməsi isə onunla bağlı xüsusilə də ABŞ-də narahatlığı artırıb.

Tramp respublikaçıları planlaşdırılan radikal addımları “Amerika birinci” şüarı ilə çərçivələyirlər. Bu, xarici siyasətlə əlaqəli istənilən məsələdə ilk növbədə Amerikanın maraqlarının nəzərə alınmalı olduğu anlamına gəlir. Tramp tərəfdarlarının fikrincə Bayden administrasiyası ABŞ-nin resurslarını ölkə daxilinə ayıraraq daxili problemlərin həllinə nail olmaqdansa, digər ölkələrə göndərir və bu milli maraqlara ziddir. Respublikaçılar partiyasının Virciniya ştatının 8-ci bölgə sədri Endryu Loposser Birxeber.Az-nın Vaşinqtona ezam edilmiş müxbirinə açıqlamasında bildirib ki, ABŞ ilk növbədə öz maraqlarını üstün tutmalı, diqqətini daxili problemlərin həllinə yönəltməlidir və bura NATO ölkələri ilə münasibətlər də daxildir.

“Bizim resurslarımız ilk növbədə Amerikanın gücləndirilməsini təmin etməlidir, digər ölkələri daha sonra nəzərə almalıyıq. Ölkəmizin təhlükəsizliyini qorumaq üçün yaralanan veteranlar küçələrdə yaşayır və biz hər ay digər ölkələrə pul göndəririk. Respublikaçı icması olaraq biz istərdik ki, ilk növbədə özlərini qurban verənlərin qayğısına qalınsın. Biz digərlərinə də kömək etmək istəyərik, amma ilk növbədə öz həyatını, vaxtını qurban verənlərin qayğısına qalmalı, daha sonra dünyanın qalan hissəsinə fokuslanmalıyıq”.

Endryu Loposser “Tramp hakimiyyətə gələrsə, ABŞ-nin xarici siyasət fokusunu Rusiyadan Çinə çevirə bilərmi?” sualına cavabında bildirib ki, Respublikaçı siyasi isteblişment bu barədə vahid mövqeyə malik deyil və hər iki xəttin də tərəfdarları var:

“Bəziləri Rusiyanı əsas fokus hesab edir, bəziləri isə yenidən Çinə fokuslanmağın tərəfdarıdır. Düşünürəm ki, ən yaxşı cavab bunun necə nəticələnəcəyinə əmin olmadığımızı deməkdir. Partiya daxilində bəziləri Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdır, bəziləri Tayvan-Çin məsələsinə diqqət yönəldilməsinin tərəfdarıdır. Mən sadəcə olaraq bunun növbəti Tramp administrasiyasında necə olacağına əmin deyiləm. Ukraynanın dəstəklənməsi mümkündür. Siz Ukraynanın dəstəklənməsi ilə bağlı Konqresin daha mühafizəkar qanaddan daha mülayim qanadına doğru dəyişikliyi görürsünüz... Amma Ukraynaya yardımla bağlı - sadəcə onlara maliyyə ayırmaq və bu vəsaitin son nəticədə hara xərcləndiyini bilməmək onlar (respublikaçı konqresmenlər) üçün əsas narahatlıqdır, şəxsən mənim üçün də. Biz bu siyasətə Tramp prezident olanda baxacağıq”.

Arlinqton Respublikaçılar Partiyasının sədri Metyu Hört isə deyir ki, Trampın səsləndirdiyi fikirlərdən bəziləri sadəcə insanlara mesaj xarakteri daşıyır və məqsəd güc ifadə etməkdir. Onun sözlərinə görə, istər daxili, istər xarici siyasətin prioritet istiqamətləri ilə bağlı vacib qərarların qəbulunda öz sahələrinin mütəxəssisi olan institusional biliyə malik rəsmilər iştirak edəcəklər.

“Donald Trampın tez-tez kommunikasiya mütəxəssislərini çaşdıran ünsiyyət strategiyası var. Amma burada məqsəd, məncə, insanlara birbaşa mesaj vermək və güc ifadə etməkdir. Bildiyiniz kimi, 2016-cı il seçkiləri ərəfəsində Trampın dediyi hər şey əslində onun administrasiyası dövründə baş vermədi. Dövlət departamentində, daxili və xarici siyasətimizin müxtəlif elementlərində səriştəli, bacarıqlı insanlar olacaqlar və bu məsələlərin icrasına kömək edəcəklər. Bizim regional və digər münaqişələrə, tarixə dair institusional biliyə malik insanlarımız var. Ona görə də, bu doğru insanlar hakimiyyətin birinci günündə yalnız amerikalıların suverenliyi və təhlükəsizliyini deyil, həm də tərəfdaşlarımızın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün ən yaxşı qərarları qəbul etmək məqsədilə doğru yerlərdə olacaqlar".

Lakin demokratlar Trampın “Amerika birinci” şüarı ilə çərçivələdiyi planlarını ölkənin milli maraqlarına birbaşa təhdid hesab edirlər. Demokrat partiyasının Şimali Karolina Ueyk Bölgəsi üzrə sədri Kevin Kriç Trampın vədlərinin ölkənin təcrid olunması və demokratiyanın təhdid altına düşməsi ilə nəticələnəcəyini deyir:

““Amerika Birinci” özünütəcrid və ksenofobiya deməkdir. Bu o deməkdir ki, biz ancaq özümüz üçün yaşamalıyıq, digərləri bizim vecimizə olmamalıdır. Lakin bu yanaşma ilə bağlı problem bundadır ki, dünya (ölkələri) əlaqəlidir. Bizim Amerikada etdiklərimiz digər ölkələrdəki insanlara təsir, eləcə də əksinə. Bizim yanaşmamız budur ki, ölkəmiz güclü, demokratik olmalı və hamımız üçün bərabər şərtlər təqdim etməlidir. Biz planeti digərləri ilə paylaşırıq. “Amerika birinci” isə o deməkdir ki, qoy iqtisadiyyat mümkün olduğu qədər böyüsün, ətraf mühiti necə istəyirsə, çirkləndirsin”.

Kevin Kriçin fikrincə Trampın növbəti prezidentlik dövrü üçün verdiyi vədlərini yerinə yetirməsi ABŞ-da demokratiyanı baltalamaqla yanaşı, digər ölkələr üçün təhlükəsizlik problemləri yaradacaq.

“Tramp artıq diktator olmaq istədiyi siqnalını verib. O, artıq siyasi düşmənlərini həbs edəcəyini, əsasən qara və qəhvəyi dərili insanlara təsir edəcək kütləvi deportasiyaya başlayacağını deyib. Digər məsələ isə budur ki, o, öz fəaliyyəti və “6 yanvar hadisələri” (Kapitoliyə hücum) ilə hakimiyyəti dinc yolla təhvil verməkdə maraqlı olmadığını da göstərib. O, həmçinin hərbi dövlət istədiyini, müstəqil fəaliyyət göstərməli olan məhkəmələrin ona işləməsini istədiyini bildirib. Bu çox sürətlə baş verə bilər. ABŞ-da müəyyən qruplar arasında vətəndaş müharibəsi çağırışları edilir və o, buna pis baxmır. Əlavə olaraq Vladimir Putinə istədiyini etməsinə şərait yaradacaq, Ukraynaya yardımı dayandıracaq, NATO müttəfiqlərimizi tərk edəcək. Bu isə dünyanın qalanına problem yaradacaq”, - siyasətçi deyib.

Bəs Donald Trampın prezident seçkilərində qələbə qazanmaq şansı nə dərəcədə realdır?

Şimali Karolina Universitetinin professoru Stiven Qrin Trampın tədricən dəstək itirəcəyi qənaətindədir. Onun sözlərinə görə, Baydenin seçki öncəsi kampaniyası tam gücü ilə fəaliyyətə başladığı zaman Trampın zəif cəhətlərinin, yol verdiyi səhvlərin xatırladılmasına fokuslanacaq.

“Sorğulara əsasən Tramp indi öndədir. Amma düşünürəm ki, bu hər an dəyişə bilər. Onun dəstəyini itirəcəyini düşünmək üçün kifayət qədər əsas var. İnsanlar onun şəxsiyyətinin və planlarının ən pis tərəflərini unudublar və bu kampaniyaların da məqsədi xatırlatmaqdır. Həm Trampın, həm də Baydenin zəif cəhətləri var. Lakin tarixi perspektivdən baxsaq Trampın zəiflikləri Baydenlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Baydenin kampaniyası da məhz Trampın zəifliklərini insanlara xatırlatmağa fokuslanacaq. Hər gün insanların Kapitoliyə hücumunu və Trampın onları buna cəsarətləndirdiyini görmək, ya da məsələn, Trampın abortun qadağan edilməsi ilə bağlı çıxışlarını izləmək, onun keçmiş müdafiə nazirinin və milli təhlükəsizlik müşavirinin “biz bu insanın Amerikaya təhdid olduğunu düşünürük” deməsini görmək ona dəstəyi azalda bilər. Seçki reklamları çox şeyi həll edə bilər. Mən düşünürəm ki, kampaniya hərtərəfli şəkildə aparıldığı zaman Trampa olan dəstəyi tədricən azaldacaq. Ümumiyyətlə, Donald Trampın populyarlıq səviyyəsi – hələ də çox təəccüblüdür ki, insanların təxminən 44%-i ona səs vermək niyyətindədir”.

Ekspert budəfəki seçkilərdə nə Respublikaçıların, nə də Demokrat partiyasının populyar prezidentlik namizədi olmadığı qənaətindədir. Müşahidələrə əsasən Respublikaçılar davamlı olaraq 81 yaşlı Prezident Co Baydenlə bağlı yaşlı və taqətdən düşmüş qoca obrazı yaratmağa çalışırlar. Demokratlar isə Trampın yol verdiyi səhvləri və radikal çıxışlarını gündəmdə saxlayaraq ona dəstəyi azaltmağa çalışırlar. Lakin yaş məsələsi Respublikaçılar üçün də dilemmaya çevrilib. Tramp Baydenlə müqayisədə daha enerjili görünsə də, ondan cəmi 4 yaş kiçikdir və prezident seçilərsə, administrasiyasının sonuncu ilində onun da 81 yaşı olacaq. Trampın seçki ərəfəsində daha bir problemi isə davam edən 4 cinayət işi üzrə 91 ittihamla üzləşməsidir. Lakin o, həbs edilsə belə seçkilərdə iştirak hüququnu əlində saxlayacaq.