“Baku TV”nin departament rəhbəri: Solovyovun məqsədi ağalarına, erməni iş adamlarına yarınmaqdır

“Baku TV”nin departament rəhbəri: Solovyovun məqsədi ağalarına, erməni iş adamlarına yarınmaqdır

Rusiyalı jurnalist Vladimir Solovyov və digərlərinin məqsədi onlardan pulunu əsirgəməyən ağalarına, o cümlədən erməni iş adamlarına yarınmaqdır.

"Birxeber.Az" xəbər verir ki, bunu “Baku TV”nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov deyib.

“Biz çox gözəl bilirik ki, Solovyov, Simonyan, Qabrelyanov və başqaları müəyyən mənada Rusiya dövlətinin əsas ideoloji xəttini aparırlar. Onlar hökumətin siyasətinin təbliğatı ilə məşğul olan ruporlardır. Bu yaxınlarda Rusiyanın nüfuzlu media resursları sızdırılmış bir məlumatı ictimailəşdiriblər. Qeyd olunub ki, hazırkı fəaliyyətini davam etdirməsi üçün təkcə Solovyova hər il 60 milyon dollara qədər büdcə ayrılır. Bu, birbaşa ayrılmalardır. Amma digər əlavə məbləğlər də var. Bu fakt onu göstərir ki, Solovyovun fəaliyyəti hansısa formada dövlət tərəfindən koordinasiya olunur”, - o qeyd edib.

Departament rəhbəri əlavə edib ki, V.Solovyovun anti-Azərbaycan fəaliyyətinin bir səbəbi də həyat yoldaşının ona azərbaycanlı bir şəxslə xəyanət etməsidir: “Solovyovla bağlı kulislərdə danışılan daha bir mövzu da var. Qeyd olunur ki, bu şəxs üç dəfə evli olub. Solovyovun ikinci arvadı ona bir azərbaycanlı ilə xəyanət edib. Bu xəyanətdən sonra qadın Solovyovdan ayrılıb və həmin azərbaycanlıya qoşularaq qaçıb. Qadın indiyə qədər də o azərbaycanlı ilə bir yerdə yaşayır. Hətta sözügedən azərbaycanlının iki övladı da həmin qadındandır. Solovyovun həyat yoldaşının azərbaycanlı bir kişi tərəfindən ələ alınması, bir yerdə yaşamaları onda Azərbaycana və azərbaycanlılara qarşı şəxsi mənada bir qıcıq yaradır. Bu, çoxdan olmuş bir hadisədir. Hətta onun azərbaycanlılara qarşı neqativ, xoş olmayan münasibətini daha çox bununla izah edirlər. Düzdür, vaxtilə Solovyovun özü buna münasibət bildirmişdi və belə bir hadisə baş vermədiyini dilə gətirmişdi. Amma Rusiyada hər kəs bu haqda danışır və bu mövzu gündəmdədir”.