"Bloomberg": Makronun Ukrayna ilə bağlı açıqlamaları Vaşinqtonda narahatlıq yaradıb

"Bloomberg": Makronun Ukrayna ilə bağlı açıqlamaları Vaşinqtonda narahatlıq yaradıb

Fransa Prezidenti Emmanuel Makronun xarici qoşunların Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı açıqlamaları ABŞ rəsmilərini hiddətləndirib, çünki onlar belə bir addımın Rusiya ilə toqquşmaya səbəb ola biləcəyindən ehtiyatlanırlar.

Birxeber.Az xəbər verir ki, bu barədə "Bloomberg" NATO müttəfiqləri arasında müzakirələrlə tanış olan mənbəyə istinadən yazıb.

Ukrayna ilə bağlı müzakirələrlə tanış olan rəsmilər Prezident Makronun bu açıqlamalarının Rusiya Prezidenti Vladimir Putini "düşündürmək" üçün edildiyini, lakin bu sözlərin əks effekt verə biləcəyini deyiblər.

Anonimlik şərti ilə "Bloomberg"ə danışan rəsmilər Makronun şərhlərinin əməliyyat təhlükəsizliyi baxımından o qədər də məntiqli olmadığını qeyd ediblər.

"Bloomberg"in mənbəsi bildirib ki, bəzi Aİ ölkələrinin hökumət başçıları Makrondan liderlik nümayiş etdirəcəyini gözləyirlər və bir çoxları onun Rusiyaya qarşı sərt mövqeyini alqışlayırlar. Eyni zamanda, nəşr qeyd edir ki, Fransa Prezidentini tənqid edənlər "onun fəaliyyətdən daha çox danışmağa üstünlük verdiyini" deyiblər.