Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

"Report" xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.

06:30

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.