FHN: Bayram günlərində 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib - VİDEO

FHN: Bayram günlərində 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 154 yanğına çıxış, 28 köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.