Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Bakıda kişi və qadınlar arasında keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində bürünc medal qazanıb.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

67 kq-da İlqar Salahov 1/4 finalda pakistanlı Muhammad Usama ilə döyüşüb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb və yarımfinala yüksəlməklə yanaşı, özü üçün azı bürünc medalı təmin edib. Salahov finala gedən yolda Mehdi Amirizafarla (İran) üz-üzə gələcək.

75 kq çəkidə iki döyüşdə Azərbaycan dueli baş tutub. Kamran Şahsuvarlı Novruzəli Xuduyevə (30:27, 30:27, 29:28, 30:27, 30:27), Mirşərif Kazımzadə Fərhad Şeydayevə (30:27, 30:27, 30:25, 29:28, 30:27) 5:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

Özləri üçün bürünc medalı təmin edən boksçularımız növbəti qarşılaşmada müvafiq olaraq Saidcamşid Cafarov və Cavohir Ummataliyevlə (hər ikisi Özbəkistan) qüvvəsini sınayacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Murad Allahverdiyev isə finala yüksəlib. 86 kq-da rinqə çıxan boksçumuz Bekzat Tanqatardan (Qazaxıstan) güclü olub – 4:1 (27:30, 30:27, 30:27, 29:28, 29:28). O, həlledici görüşdə Xasmaqomed Cavatxanovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

92 kq çəkidə Alfonso Dominqes də yarımfinal döyüşündən qələbə ilə ayrılıb. Dünya çempionu özbəkistanlı Diyorbek Uralova 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) qalib gəlib. Dominqes qızıl medal uğrunda döyüşdə Toqambay Sadindiklə (Qazaxıstan) qarşılaşacaq.

Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayev (+92 kq) isə turniri bürünc medalla bitiriblər. Birinci Fazliddin Erkinboyevə (Özbəkistan) məğlub olubsa, Abdullayev 1/4 finalda zədələndiyi üçün Cahongir Zokirovla (Özbəkistan) döyüşə çıxmayıb.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın dördüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri martın 28-də reallaşacaq.