Ədalət Şükürov: “Süni intellekt müğənniləri əvəz edə biləcək, amma bu, dinləyicilər üçün çox da maraqlı olmayacaq”

Ədalət Şükürov: “Süni intellekt müğənniləri əvəz edə biləcək, amma bu, dinləyicilər üçün çox da maraqlı olmayacaq”

10-15 ildən sonra süni intellekt müğənniləri əvəz edə bilər, amma bu, dinləyicilər üçün əsl ifaçılar qədər maraqlı olmayacaq.

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycanın tanınmış müğənnisi, Azərbaycanın əməkdar artisti Ədalət Şükürov jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışında deyib.

Müsahibədə müğənni Rusiyadakı həyatından danışıb, gənc musiqiçilər, Balkan ölkələrinin musiqisi haqqında fikirlərini bölüşüb, təhsillə bağlı məsələlərə münasibət bildirib və bir çox başqa mövzulara toxunub.

Ə.Şükürov vurğulayıb ki, son 30 ildə Azərbaycan öz inkişafı üçün çox işlər görüb: “30 ildən sonra hər şey ikiqat yaxşı olacaq. Əminəm ki, bizdə hər şey çox yaxşı olacaq”.

Sənətçinin sözlərinə görə, hazırda təhsil sisteminin dəyişdirilməsinə ehtiyac var:

“İndi uşaqlara, məsələn, yanğınsöndürəndən necə istifadə edilməsinin, yaranın necə sarılmasının və s. izah edilməsi ilə bağlı dərslərə çox böyük ehtiyac var. İlk tibbi yardımla bağlı dərslərimiz yoxdur. Dinimizlə bağlı fənn yoxdur, bu fənnin keçilməsi yaxşı olardı. Mən uşaqlara dinlə bağlı çox ciddi məsələlərin öyrədilməsindən danışmıram. Bunun üçün mədrəsələr var, amma hamının dünya dinləri, o cümlədən islam dini haqqında ümumi biliklərə ehtiyacı var”.

Düzgün şəhərsalma məsələsinə münasibət bildirən Ə.Şükürov vurğulayıb ki, Almaniya bu məsələdə Bakı üçün gözəl nümunə ola bilər.