Azərbaycan XİN: Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır

Azərbaycan XİN: Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır

Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

XİN qeyd edib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.

"Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - nazirlik bildirib.

Qeyd olunub ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər:

"Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".