Füzuliyə qayıdan sakin: Çətin günlər geridə qaldı

Füzuliyə qayıdan sakin: Çətin günlər geridə qaldı

“Mən rayonu tərk edəndə 38 yaşım var idi, indi 71 yaşında torpağıma qayıdıram. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı”.

“Birxeber.Az” xəbər verir ki, bunu doğma yurdu Füzuliyə qayıdan keçmiş məcburi köçkün Hüseynova Mahmur söyləyib.

Azərbaycan Ordusunun tarixi qələbəsi hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq deyən sakin belə bir şəraiti yaradan dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü çatdırıb, Vətən uğurunda sağlamlıqlarını itirən qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət, yaxınlarına isə səbir diləyib.

“Bu gün bizim üçün çox gözəl və özəldir. Çünki doğma yurdumuza qayıdırıq. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib”.

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (134 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.