Gürcüstan millisi ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstan millisi ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan yığması Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olublar - 4:2.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstan isə ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyib. Yunanıstan millisi 2004-cü il Avropa çempionatının qalibidir.

Qeyd edək ki, qarşılaşma Tbilisidəki “Dinamo Arena”da baş tutub.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi Almaniyadır.