Türkiyə XİN: Belçikada vətəndaşlarımıza hücum PKK-nın Avropada ictimai asayişi təhdid etdiyini göstərir

Türkiyə XİN: Belçikada vətəndaşlarımıza hücum PKK-nın Avropada ictimai asayişi təhdid etdiyini göstərir

Martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK üzvləri Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarına hücum edib. Hücum nəticəsində həyatını itirənlər olmasa da, bəzi Türkiyə vətəndaşları xəsarət alıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, baş verən hadisə ilə bağlı Brüssel və Ankarada Belçika hakimiyyətinin rəsmiləri ilə danışıqlar baş tutub.

“Nazirimiz həmin gecə Belçikanın xarici işlər naziri Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Belçikada cəmiyyətimizin sağlam düşüncəli münasibəti və Belçika polis orqanlarının təsirli müdaxiləsi sayəsində hadisələrin daha da ciddiləşməsinin qarşısı alınıb. Hücum edənlər haqqında araşdırma başladılıb.

Baş verənlər bir daha göstərdi ki, PKK terror təşkilatı Qərbi Avropada sosial rifah və ictimai asayişi təhdid edir. Bütün səviyyələrdə proseslər izlənilir və lazımi addımların atılması davam edir”, - Türkiyə XİN-in bəyanatında deyilir.