Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.

“Birxeber.Az” xəbər verir ki, “Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda” adlı buraxılışda əslən Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndindən olan araşdırmaçı Niftalı Göyçəli qıpçaq yazısının ermənilər tərəfindən necə mənimsənildiyini üzə çıxarır.

O, Qərbi Azərbaycanda şumer mədəniyyətinin izləri, “Bilqamıs” dastanı ilə “Dədə Qorqud” dastanı arasında paralellər, şumer və urartu olan türk izləri, eyni zamanda, yer və şəxs adlarının türk dilində olması ilə bağlı tarixi faktlar açıqlayır.

Araşdırmaçı, həmçinin tapılan qayaüstü rəsmlər, eləcə də xristianlığa qədərki abidələrdə göytürk yazısı haqqında danışır.

N.Göyçəli sonda Qərbi Azərbaycanda alban irsi, xristian-qıpçaq mədəniyyəti, kilsələr və digər abidələr barədə maraqlı məqamlara toxunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 26-da saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.