Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ünvanlayıb

Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ünvanlayıb

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti quruma məktub ünvanlayıb.

"Report" xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın 2024-cü ilin yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.

Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.

Məktubda, həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli xeyir gətirmədiyi vurğulanıb.