Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu

Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu

Martın 22-də İngiltərə ilə keçirilən oyundan (1:5) sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu.

"Birxeber.Az" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Ukraynaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis Ukraynada həmişə güclü oyunçuların yetişdiyini söyləyib: "Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Aşağı yaş qruplarından ibarət yığmaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".

Əliyev görüş ərzində real qol imkanlarının olduğunu vurğulayıb: "Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".