Putin: Müstəntiqlər “Crocus”da baş verən terror aktının detallarını diqqətlə araşdırır

Putin: Müstəntiqlər “Crocus”da baş verən terror aktının detallarını diqqətlə araşdırır

Müstəntiqlər “Crocus City Hall”da törədilən terror aktının detallarını diqqətlə araşdırır, müəyyənləşdirirlər.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında bildirib.

“Son faciəvi hadisədən başlayacağam. Martın 22-də Moskva vilayətində törədilmiş qanlı terror aktı nəticəsində onlarla vətəndaşımız, o cümlədən uşaqlar, yeniyetmələr, qadınlar ölüb. Bu kütləvi qətli bilavasitə törədən cinayətkarlar həbs olunublar. Müstəntiqlər bu cinayətin başvermə şəraitini diqqətlə müəyyənləşdirir, onun təfərrüatlarını araşdırır, hər bir iştirakçının rolunu və təqsir dərəcəsini müəyyənləşdirir, kriminalistlərin və ekspertlərin rəylərini öyrənirlər”, - Rusiya dövlət başçısı deyib.

O əlavə edib ki, hadisə ilə bağlı məlumatları Milli Antiterror Komitəsinin koordinasiyası ilə Federal Təhlükəsizlik Xidməti və digər kəşfiyyat orqanları da emal edirlər.

Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Son məlumatlara görə, terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.