Paşinyanın kritik bəyanatlar verməsi, Qərbə yaxınlaşması Rusiya qorxusu ilə bağlıdır - RƏY

Paşinyanın kritik bəyanatlar verməsi, Qərbə yaxınlaşması Rusiya qorxusu ilə bağlıdır - RƏY

Politoloq Zaur Məmmədov Nikol Paşinyanın kritik bəyanatlar verməsini, Qərbə yaxınlaşmasının səbəbini Rusiya qorxusu ilə əlaqələndirib.

O, “Report”a açıqlamasında xatırladıb ki, Qərb xüsusi xidmət orqanları Paşinyanın Kreml tərəfindən çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağını bəyan edir:

“Bir müddət əvvəl baş nazir də buna eyham vurmuşdu. Hərçənd hamı Azərbaycanın bir sıra məsələlərdə tələblərinin yerinə yetirilməsinə nail olacağını başa düşür və belə olan təqdirdə qaçılmaz məsuliyyətin məhz Paşinyanla bağlı olmasını istəyirlər. Əlqərəz, müxalifətin indiki halda hakimiyyətə gələrək Azərbaycan qarşısında zəif görünməmək üçün Nikola dözməkdən başqa çıxış yolu yoxdur. Bunu onların xaricdəki havadarları da anlayırlar”.

Z.Məmmədov ötən gün Paşinyanın Tavuşdan sonra Gümrüyə səfər etdiyini xüsusi vurğulayıb: "Erməni baş nazir 5 saat qapalı şəraitdə öz partiya üzvləri və özünə yaxın siyasi qruplarla danışıqlar aparıb. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edilib. Xatırladım ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə, böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyirlər. Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, İrəvanın Qərbə inteqrasiyalarının imkanları, ilk növbədə, Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərsə, Ermənistan orada olacaq. Çünki Anadolu - Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına - daim burada ağalığı edən azərbaycanlılara qayıtdı”.

Politoloqun fikrincə, Azərbaycan cəmiyyəti yaxın vaxtlarda növbəti şad xəbərləri alacaq:

“Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir-bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr...”

Qeyd edək ki, bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb.