Solovyov Azərbaycana qarşı qərəzindən əl çəkmir - "Jurnalist" Rusiyanın milli təhlükəsizliyini də təhdid edir - TƏHLİL

Solovyov Azərbaycana qarşı qərəzindən əl çəkmir - "Jurnalist" Rusiyanın milli təhlükəsizliyini də təhdid edir - TƏHLİL

Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan sıx əməkdaşlıq edir, regional təhlükəsizliyi birgə təmin edir. Təsadüfi deyil ki, 2022-ci ilin fevralında iki ölkə arasında müttəfiqlik haqqında Bəyannamə də imzalanmışdı. Ən yüksək səviyyədə etimad və tərəfdaşlığın olduğu bu şəraitdə Rusiyadakı bəzi dairələr, mediadakı agentləri vasitəsilə Azərbaycana qarşı informasiya təxribatı təşkil etməyə, Rusiya cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hissi aşılamağa çalışır. Belə informasiya təxribatçılarından biri, bəlkə də elə birincisi telejurnalist, aparıcı Vladimir Solovyovdu.

"Rossiya-1" və özünə məxsus "Solovyov Life" telekanalında Solovyov Rusiyada və dünyada baş verən ictimai-siyasi proseslərə dəvət olunmuş ekspertlərlə birlikdə qiymət verir, prosesləri şərh edir. Onun verilişlərində dəfələrlə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qərəzli yanaşması, ermənipərəst mövqeyi özünü büruzə verib.

Bu qərəzli yanaşma Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsini əsaslı şəkildə həll etməsindən sonra da davam edib. Hətta Solovyov federal kanalın efirinə artıq tarixin arxivinə göndərilmiş qondarma rejimin hazırda Bakıda həbsdə olan nümayəndəsi David Babayanı çağırdığına görə 2022-ci ilin iyununda canlı yayımda Azərbaycan dövlətindən üzr istəmişdi. Amma görünür ki, Rusiya dövlətinin geniş meydan və etimad göstərdiyi Vladimir Solovyov anti-Azərbaycan ritorikası və azərbaycanafob əhval-ruhiyyədən xilas ola bilməyib. Belə ki, martın 22-də Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında azı 139 nəfərin öldürüldüyü, yüzlərlə insanın yaralandığı terror aktında "Azərbaycan izi" axtarmağa başlayıb.

Hadisəni törədən terrorçuların adlarının, milli mənsubiyyətlərinin məlum olmasına baxmayaraq, Solovoy həmin şəxslərdən birinin azərbaycanlı ola bilməsi ilə bağlı əsassız ehtimal səsləndirib. Özünü xəfiyyə zənn edən Solovyov deyəsən qondarma ehtimallarının Rusiya İstintaq Komitəsinin, Federal Təhlükəsizlik Xidmətinin və digər rəsmi qurumların açıqlaması ilə ziddiyyət təşkil etdiyini unudub.

"Crocus"dakı terror olayının Azərbaycanla ümumiyyətlə, əlaqəli olmadığı, azərbaycanlıların hadisədə heç bir halda iştirak etmədiyi, yalnız, milliyətcə azərbaycanlı olan Rusiya vətəndaşı Vüqar Hüseynovun qurbanlar arasında olması faktı hər kəsə məlum idi. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan və azərbaycanlılar əleyhinə saxta ittihamlar səsləndirmək Vladimir Solovyovun şəxsi antipatiya zəmnində, Azərbaycana qarşı qərəzindən doğan addımdır. Bu, professional jurnalist olduğunu iddia edən, illərlə efir təcrübəsi olan, bütün Rusiyaya və qonşu ölkələrə yayımlanan federal kanalın aparıcısı üçün yolverilməz addımdır. O, bununla eyni zamanda hadisənin dini və milli zəmində törədilməsi ehtimallarına qarşı çıxan, hadisənin çoxmilli və çoxdinli Rusiyada daxili gərginliyə yol açacağından ehtiyat edən Kremlin rəsmi siyasətinə qarşı çıxmış olur.

Başqa bir sual, artıq neçənci dəfədir ki, öz əsassız sözləri ilə Rusiya və ona dost olan ölkələr arasında əsassız gərginlik yaradan aparıcının cəzalandırılmaması ilə bağlıdır. Əksinə, sanki hər səhvindən, qərəzli açıqlamasından sonra ona daha geniş meydan verilir, növbəti informasiya təxribatları üçün əlverişli zəmin hazırlanır. Solovyovun Rusiyada çalışan, məskunlaşan və ölkə həyatına əhəmiyyətli qatqı verən Qafqaz və Mərkəzi Asiya respublikalarından, o cümlədən Azərbaycandan olan miqrantlar, diaspor nümayəndələri haqda açıqlamaları, ksenofobiya və etnik zəmində nifrət ehtiva edən açıqlamaları təhlükəli xarakter daşıyır və ilk növbədə çoxmillətli Rusiya dövlətinin milli təhlükəsizliyi üçün təhlükə mənbəyidir. Buna görə, Vladimir Solovyovun efirdəki çıxışlarına və jurnalist fəaliyyətinə hüquqi qiymətin verilməsinin vaxtı çatıb.