Rusiya "Wall Street Journal"ın müxbirinin həbs müddətini növbəti dəfə uzadıb

Rusiya "Wall Street Journal"ın müxbirinin həbs müddətini növbəti dəfə uzadıb

Rusiya məhkəməsi "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçin həbs müddətini növbəti dəfə uzadıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsinin "Telegram" kanalında məlumat verilib.

"Moskva Şəhər Məhkəməsi ibtidai istintaq orqanlarının vəsatətinə baxıb və Evan Gerşkoviç barəsində həbs müddətini 2024-cü il iyunun 30-dək uzadıb", məlumatda qeyd olunub.

Xatırladaq ki, 32 yaşlı jurnalist 2023-cü ilin martında Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburqda reportaj hazırlayarkən həbs edilib. O, həmin vaxtdan Moskvanın Lefortovo həbsxanasında saxlanılır.

O, ABŞ-ın göstərişi ilə hərəkət etməkdə və hərbçilərlə bağlı dövlət sirrini toplamaqda ittiham olunur. ABŞ hökuməti Gerşkoviçin heç vaxt onun üçün işləmədiyini və casus olmadığını deyir.
Qerşkoviç ötən il ərzində bir neçə dəfə azadlığa buraxılması üçün müraciət etsə də, hər dəfə bu müraciətlər rədd edilib və onun həbs müddəti uzadılıb.

Rusiya qanunvericiliyi mürəkkəb hesab edilən cinayət işləri üzrə müstəntiqlərə məhkəmə baxışına hazırlaşmağa bir ilə qədər icazə verir, lakin müstəsna hallarda bu müddət daha da uzadılır. Artıq Evan Gerşkoviçin həbsindən bir il keçib və onun həbs müddəti beş dəfə uzadılıb.