Güney Azərbaycanda bacı-qardaş həbs, şallaq və nağd pul cəzasına məhkum edilib
Güney Azərbaycanın Zəncan əyalətinin Hidac şəhərindən olan bacı-qardaş həbs, şallaq və nağd pul cəzasına məhkum edilib.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, Səmanə və Mehdi Dadgəri Tehran rejiminin Əbhər şəhərindəki İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyinə zidd fəaliyyət göstərmək üçün toplaşmaq və əlbir olmaq” maddələri ilə ittihamı edilərək 5 il şərti həbs cəzasına məhkum olunublar. Cəza Məhkəməsində ikinci iş üzrə keçirilən iclasda isə Səmanə Dadgəri 4 ay həbs əvəzinə 74 şallaq zərbəsi alacaq və 3 milyon tümən məbləğində pul cəriməsi ödəyəcək.
Mehdi Dadgəri isə ümumilikdə 23 ay həbs cəzasına məhkum edilib. Həbs müddətinin 15 ayı “inqilabın qurucusu və liderini təhqir etmək” maddəsinə, 8 ayı isə “rejimə qarşı təbliğat aparmaq” maddəsinə əsasən verilib. O, “ictimai rəyi təhrik etmək məqsədilə yalan yaymaq” ittihamı üzrə də təqsirləndirilir.