"NTD-İndiqo"nun basketbolçusu: Bu oyun "Sabah" üçün daha vacibdir

"NTD-İndiqo"nun basketbolçusu: Bu oyun "Sabah" üçün daha vacibdir

Rəqib üçün bu oyun daha vacibdir.

"Birxeber.Az" xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Elşad Şirzadov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun matçından əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan bu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Bu görüş qrup liderini müəyyənləşdirəcək. Ancaq "Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq. Biz növbəti raundu artıq təmin etmişik. Amma matça "Şəki" və ya "Sərhədçi"yə qarşı oyunlardakı kimi eyni motivasiya ilə çıxacağıq. Çempionatda iki dəfə "Sabah"a uduzmuşuq. Bu görüşdə yalnız qələbə haqqında düşünürük".

Şirzadov kubokda limitin fərqli olduğunu xatırladıb: "Yaxşı yerli basketbolçularımız var. Buna görə də bizi favorit hesab edirlər. Amma "Sabah"ın da heyətində güclü yerli oyunçular var. Qardaşım Şirzad, Endar Polanxanlı. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir".

Qeyd edək ki, martın 27-də reallaşacaq "Sabah" - "NTD-İndiqo" qarşılaşması saat 19:30-da start götürəcək.