Azərbaycan Ordusunda psixoloq ixtisasına sənəd qəbulu başlayır

Azərbaycan Ordusunda psixoloq ixtisasına sənəd qəbulu başlayır

Azərbaycan Ordusunda psixoloq ixtisası üzrə “ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır.

Bu barədə "Birxeber.Az"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, hərbi hissələrə psixoloq ixtisası üzrə zabitlərin xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar müraciət edə bilərlər.

Məlumata görə, martın 27-dən aprelin 20-dək davam edəcək sənəd qəbulu üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) qəbul komissiyası fəaliyyət göstərəcək.

"Kursa qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, "ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.