Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib, COP29 barədə məlumat verilib

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib, COP29 barədə məlumat verilib

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə,

Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, konfransın Şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib. Bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir.

Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Bu günki konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu xatırladan spiker Sahibə Qafarova deyib ki, bu gün iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir. Eyni zamanda, bu, qlobal cavab tədbirləri və birgə səylər tələb edən bir çağırışdır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur.

Spiker həmçinin vurğulayıb ki, Azərbaycanın COP29-un sədri qismindəki rolu beynəlxalq tərəfdaşlarımızı planetimizin rifahı naminə iqlim fəaliyyətlərini inkişaf etdirməyə cəlb etmək üçün mühüm imkan yaradır. Bu mənada inklüziv dialoq, konstruktiv əməkdaşlıq və birgə fəaliyyət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əsas faktordur. Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Parlamentlərarası İttifaqın Baş katibi, Zati-aliləri cənab Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcəkdir.

Spiker Sahibə Qafarova çıxışının sonunda bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bundan sonra da parlamentlərarası əməkdaşlığın və parlamentlərimiz və ölkələrimiz arasında dialoqun təşviqinə güclü sadiqliyini nümayiş etdirməyə davam edəcək.

Sonra konfrans işini digər çıxışlarla davam etdirib.

Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Büro və Daimi komitələrinin formalaşdırılması, QHPŞ yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar qəbul olunub.

Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyənnaməsinin qəbul edilməsi ilə başa çatıb.