Aİ-nin ali nümayəndəsi: İran əleyhinə sanksiyaların ləğvi vacibdir

Aİ-nin ali nümayəndəsi: İran əleyhinə sanksiyaların ləğvi vacibdir

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell İrana qarşı sanksiyaların ləğvinin zəruriliyinə işarə edərək, həmin ölkənin nüvə proqramı ilə bağlı danışıqların başa çatdırılmasını Aİ-nin prioriteti adlandırıb.

"Report"un İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə o, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığı zamanı bildirib.

“Nüvə danışıqlarının başa çatdırılmasının Avropa İttifaqı üçün prioritet olaraq qaldığını deyən Borell sanksiyaların aradan qaldırılması və danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb”, - bəyanatda deyilir.

“Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə konstruktiv əməkdaşlığı davam etdirmək əzmindədir və Qərb tərəflərinin nüvə proqramı ilə bağlı danışıqlar, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı öhdəliklərinə tam əməl edəcəyinə dair gözləntilərə malikdir”, - Abdullahiyan deyib.