Azərbaycan millisinin dünya çempionatı üçün 3 namizəd atleti açıqlanıb

Azərbaycan millisinin dünya çempionatı üçün 3 namizəd atleti açıqlanıb

Atletika üzrə Azərbaycan millisinin Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək dünya çempionatı üçün 3 namizəd idmançısı var.

“Birxeber.Az” xəbər verir ki, bunu atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Hakim İbrahimov Qış Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis martın 1-3-ü aralığında baş tutacaq mundialda iştirak edəcək namizədlərin adlarını da açıqlayıb: “Hazırda 3 namizədimiz var – Kəsgin Abbaszadə, Nazim Babayev və Yekaterina Sarıyeva. Dünya çempionatına bizə lisenziyasız bir yer verilib. Adlarını açıqladığım üç idmançıdan hansı ölkə çempionatında ən yaxşı nəticəni göstərsə, o da mundiala yollanacaq”.

Baş məşqçi Qış Azərbaycan çempionatının önəmindən də bəhs edib: “Azərbaycan çempionatı dünya çempionatı üçün lisenziya xarakteri yarışdır. Həm də əlavə reytinq xalları verir. Bu da olimpiadaya namizədlər üçün şansdır. Daha çox xal toplamaqla normativi yerinə yetirmədən lisenziya qazana bilərlər”.

Hakim İbrahimov atlet Nazim Babayevdən böyük uğur gözlədiklərini sözlərinə əlavə edib: “Yayda Nazim Babayevdən olimpiadaya lisenziya gözləyirik. Onun dünya çempionatına yollanmaq üçün böyük şansı var. Ancaq bu, ölkə çempionatının nəticələrinə əsasən bəlli olacaq”.

O, yeni atlet axtarışlarını davam etdirdiklərini də vurğulayıb: “Ötən ilin oktyabrında 5 regionda olmuşuq. Bölgələrdən 31 uşaq seçmişik. Növbəti aylarda onları Bakıya gətirərək əlavə testlərdən keçirəcəyik. Onların arasından 10-15 potensiallı uşağı seçərək milliyə cəlb etmək fikrimiz var”.

Qeyd edək ki, 140 atletin mübarizə apardığı Qış Azərbaycan çempionatı yanvarın 27-də başa çatacaq.