Ermənistan 8 kəndi qaytararsa, Bakı-İrəvan sülh danışıqları sürətlənər - RƏY

Ermənistan 8 kəndi qaytararsa, Bakı-İrəvan sülh danışıqları sürətlənər - RƏY

Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycana məxsus olan və hazırda işğal altındakı 8 kəndin geri qaytarılması zəruridir.

Bunu “Birxeber.Az”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O xatırladıb ki, 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalanıb və İrəvan üzərinə xeyli öhdəliklər götürüb.

Deputat söyləyib ki, lakin sonrakı müddətdə Ermənistan sənədin müddəalarına əməl etməyib, hər addımda onu pozub. Rəsmi Bakı isə dəfələrlə üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və müxtəlif beynəlxalq platformalarda, ikitərəfli və üçtərəfli görüşlərdə bu məsələni gündəmə gətirib:

“Ancaq təəssüf ki, Ermənistan siyasi rəhbərliyi qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və separatizmin dayandırılması ilə bağlı heç bir ciddi addım atmadı. Nəticədə Azərbaycan bir günlük antiterror tədbirlərini keçirmək məcburiyyətində qaldı. Antiterror tədbirləri Ermənistan üçün bir dərs olmalıdır. Baş nazir Nikol Paşinyanın son bəyanatları da yavaş-yavaş bunu dərk etdiklərini deməyə imkan verir.

Hökumət başçısının Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşən kəndlərdə əhali ilə görüş zamanı “müharibə olmaması üçün nə lazımdırsa, etməliyik” deməsi, onu göstərir ki, 8 kəndi geri qaytarmasalar, danışıqlar prosesinə kölgə salacaqlarını bilirlər”.

N.Həmzəyevin fikrincə, Ermənistan tərəfindən əvvəl 4 kəndin, növbəti mərhələdə qalan 4 kəndin geri qaytarılması İrəvan-Bakı danışıqlarına müsbət təsir göstərə bilər:

“Bütövlükdə 8 kəndimizin qaytarılması qarşılıqlı inamın bərpasına şərait yarada və sülhə yaxınlaşmağımıza imkan verə bilər. Düşünürəm ki, Nikol Paşinyan hökuməti bununla bağlı işlər görür. Ancaq Ermənistanın daxilində bu kəndlərin geri qaytarılmasını istəməyən, revanşist qüvvələr də var. Həmçinin, sülhün baş tutmasını əngəlləməyə çalışan xarici qüvvələr də mövcuddur. Hazırda regionda çox fərqli ssenarilər əsasında proseslər cərəyan edir. Nəticə etibarı ilə bu, proseslərin daha da uzanmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan diplomatik təsir vasitələrini daha da gücləndirməli, sülhə məcbur etmə siyasəti həyata keçirilməli və kəndlərin geri qaytarılmasına ən qısa zamanda nail olmalıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan 4-ü - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur. Digər 4 kənd isə anklavdır.