Baş nazir: Gürcüstan regionda sülhün təmin olunmasında müsbət rol oynamağa hazırdır

Baş nazir: Gürcüstan regionda sülhün təmin olunmasında müsbət rol oynamağa hazırdır

Gürcüstan regionda sabitliyin və sülhün bərqərar olmasına tərəfdardır. Biz ümid edirik ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq.

"Birxeber.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

İ.Kobaxidze söyləyib ki, Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülhü qətiyyətlə dəstəkləyir: "Biz regionda baş verən proseslər barədə ətraflı danışdıq və problemlərin həllində birgə səylərimizin vacibliyini vurğuladıq. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi uğurla nəticələnəcək. Gürcüstan regionda sülhün və sabitliyin təmin olunmasında öz müsbət rolunu oynamağa hazırdır".

O, N.Paşinyanı yenidən Gürcüstana səfərə dəvət edib.

Xatırladaq ki, İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.