Tailand Myanmaya yardım göndərməyə başlayıb

Tailand Myanmaya yardım göndərməyə başlayıb

Tailand ordunun idarə etdiyi Myanmaya yardım göndərməyə başlayıb, ilk yardım bu gün çatdırılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, yardım Myanmada çevrilişin səbəb olduğu üçillik qeyri-sabitlik və zorakılıqdan sonra döyüşən silahlı qruplar arasında danışıqlara zəmin yaratmaq məqsədilə həyata keçirilib.

Bildirilib ki, layihə Tailandın humanitar dəhliz yaratmaq üçün daha geniş sülh təşəbbüsünün bir hissəsidir. Bu təşəbbüs isə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) tərəfindən dəstəklənir, çünki bir tərəfdə Myanma ordusu, digər tərəfdə etnik azlıq orduları və müqavimət hərəkatı arasında vətəndaş müharibəsi şiddətlənir.

Tailandın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamaya görə, 20 min nəfər üçün nəzərdə tutulan düyü, qurudulmuş qida və digər zəruri əşyaları daşıyan 4000 yardım çantasının ilk partiyası Tailand Qızıl Xaç Cəmiyyəti tərəfindən “Mae Sot-Myawaddy” sərhəd keçidində konvoyda çatdırılıb.