Geosiyasi gərginlik fonunda neftin qiyməti qalxır

Geosiyasi gərginlik fonunda neftin qiyməti qalxır

Artan geosiyasi gərginliklər və treyderlərin qlobal bazarda potensial tədarük zəncirlərinin qırılması ilə bağlı narahatlıqları səbəbindən etalon markalı neft qiymətləri bazar ertəsi yüksəlib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1 barelə görə 85,32 ABŞ dolları təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,49 ABŞ dolları (0,6 %) çoxdur.

Cümə günü bu kontraktlar 0,41 ABŞ dolları (0,5 %) ucuzlaşaraq 84,83 ABŞ dolları/barel təşkil edib.

Nyu York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda "WTI" markalı neftin may fyuçerslərinin kotirovkaları bir barelə görə 0,5 ABŞ dolları (0,6 %) artaraq 81,13 ABŞ dolları olub.

Ötən sessiyanın sonunda bu müqavilələrin qiyməti 0,44 ABŞ dolları (0,5 %) azalaraq bir barelə görə 80,63 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası cümə günü Rusiya və Çinin veto qoyması səbəbindən Qəzza zolağında atəşkəsə səbəb ola biləcək diplomatik səyləri dəstəkləmək üçün ABŞ-ın təklif etdiyi qətnamə layihəsini qəbul etməyib.

Bu arada ABŞ Mərkəzi Komandanlığı Yəməndəki üsyançı husilərin şənbə günü Qırmızı dənizdə Panama bayrağı altında üzən və Çinə məxsus olan “Huang Pu” neft tankerinə gəmi əleyhinə dörd ballistik raket atdığını bildirib.

“Uzunmüddətli perspektivdə qiymət artımına təsir edən amillər OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərinin davam etməsi və Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya neftayırma zavodlarına hücumlarıdır ki, bu da bəzi ekspertlərin fikrincə, ölkədə neft emalı həcminin 10 %-dən çox azalmasına səbəb olub”, - “Trading Economics” yazıb.