Şimali Koreya: Yaponiya Kim Çen Inla zirvə görüşü keçirməyi təklif edib

Şimali Koreya: Yaponiya Kim Çen Inla zirvə görüşü keçirməyi təklif edib

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Yonq Yaponiya Baş nazirinin iki ölkə liderləri arasında görüş təklif etdiyini bildirib.

Birxeber.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi "Mərkəzi Xəbər Agentliyi"nin dərc etdiyi Kim Yo Conqun bəyanatında bildirilib.

"Kişida... Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Prezidenti ilə ən qısa zamanda şəxsən görüşmək niyyətini çatdırıb", - Kim Yo Yonq bildirib.

O əlavə edib ki, rəsmi Tokionun siyasətində dəyişikli olmadan bu görüş mümkün olmayacaq:

"KXDR-Yaponiya münasibətlərinin tarixi ibrət dərsi verir ki, Tokio tərəfindən əsaslı siyasət dəyişikliyi olmadan etimadsızlıq və anlaşılmazlıqla dolu ikitərəfli münasibətləri yaxşılaşdırmaq mümkün deyil".

O xəbərdarlıq edib ki, əgər Yaponiya "daha həlli olmayan adam oğurluğu məsələsinə qarışsa", Kişidanın əlaqələri yaxşılaşdırmaq ümidləri özünü doğrultmayacaq.

Yaponiyanın Baş naziri Fumio Kişida isə parlamentdə bildirib ki, onun sözügedən bəyanatdan xəbəri yoxdur, ancaq o, eyni zamanda Şimali Koreya ilə yüksək səviyyəli danışıqları "vacib" adlandırıb.

Kişida parlamentdə 1970-1980-ci illərdə baş verən adam oğurluğuna toxunaraq deyib:

“Yaponiya-Şimali Koreya münasibətləri üçün yüksək səviyyəli danışıqlar adam oğurluğu problemi kimi məsələlərin həlli üçün vacibdir. Buna görə də biz, daha əvvəl də dediyim kimi, birbaşa mənim nəzarətim altında Şimali Koreyaya müxtəlif yaxınlaşmalar edirik".

Xatırladaq ki, Şimali Koreya 2002-ci ildə etiraf edib ki, 1970-80-ci illərdə casuslara yapon dili və adət-ənənələrini öyrədən 13 yaponiyalını qaçırmaq üçün agentlər göndərib.