Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində Moskvada “Nar dastanı” sərgisi açılıb
Rusiya paytaxtı Moskvada yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycanın və Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi təqdim olunub.
“Report”un Rusiya bürosunun məlumatına görə, sərgi “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.
Sərgidə A.Məmmədovun milli koloritli natürmortları, portretləri və Moskva ətrafı peyzajları nümayiş etdirilib.
“Sərgiyə gələn qonaqlar narın sirləri ilə tanış olacaqlar. Mən Qarabağda böyümüşəm, uşaqlıqdan nara xüsusi sevgim olub. Simvolizm baxımından o, azərbaycanlıların həyat tərzini təsvir edir, ona görə də ömrümün son illərini nara həsr etmişəm”, - rəssam deyib.
Pavilyonun direktoru Səadət Kadırova sərginin əhəmiyyətini qeyd edib. “Bu gün xüsusi sərgi açılıb, çünki o, nara həsr olunub. Müəllif maraqlı taleyi olan gözəl rəssamdır. Bildiyimiz kimi, sınaqlara məruz qalan insanlar yaradıcılıq baxımından xüsusilə istedadlı olurlar. Nar məhsuldarlıq və zənginlik rəmzidir. Narın dənələri bir-birinə bağlı olur, bu da bütün azərbaycanlıların birliyinin rəmzidir”, - o bildirib.












