İrəvanın mer müavini paytaxtdakı hücumu terror kimi səciyyələndirib

İrəvanın mer müavini paytaxtdakı hücumu terror kimi səciyyələndirib

İrəvanın mer müavini Armen Pambuxçyan ölkə paytaxtının polis bölməsinə edilmiş hücumu terror aktı kimi səciyyələndirib.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə siyasətçi jurnalistlərə açıqlama verərkən deyib.

O, tutulmuş şübhəli şəxsin kimliyini bilmədiyini, sadəcə onunla birgə olan iki nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.

“Onun nə istədiyini bilmirəm, lakin aydın idi ki, bu, terror aktına xarakterik davranışdır <...> Hər hansısa şəxs silah və ya partlayıcı ilə polis bölməsinə gəlirsə, bu, bizim cinayət məcəlləmizə görə, terror aktıdır”, – mer müavini vurğulayıb.

Eyni zamanda, yerli “İnfoteka24” nəşrinə görə, sözügedən şəxslər keçmiş məhbusdurlar, onlardan biri adam öldürməyə görə mühakimə olunub.

Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib.