FLNKS-in Konqresində Azərbaycanın fransız müstəmləkəçiliyinə qarşı mübarizədə dəstəyi vurğulanıb

FLNKS-in Konqresində Azərbaycanın fransız müstəmləkəçiliyinə qarşı mübarizədə dəstəyi vurğulanıb

Fransanın məşhur “Franceinfo” media resursu Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) martın 23-də keçirilən 42-ci Konqresi ilə bağlı məqalə dərc edib.

"Report"un məlumatına görə, məqalədə deyilir ki, Konqresdə digər məsələlərlə yanaşı, Azərbaycanın Yeni Kaledoniya xalqına fransız müstəmləkəçiliyinə qarşı ədalətli mübarizəsində göstərdiyi dəstəyi vurğulanıb.

Tədbirdə FLNKS-ın tərkibində yer alan bütün siyasi qüvvələrinin nümayəndələri iştirak edib.

Əsas müzakirə mövzusu Fransa Hökumətinin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü fransızlara Yeni Kaledoniyada seçkilərdə iştirak edə bilməsini nəzərdə tutan konstitusiya dəyişikliyinin qarşısının alınması strategiyası olub.

Bu xüsusda, FLNKS tərəfindən Fransa hökumətinə göndərilən mesaj çox aydındır: FLNKS rəhbərləri zorla keçirilməsi cəhd edilən dəyişikliyi uğursuzluğa düçar edəcəklər. FLNKS bu işdə həm regional, həm də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin dəstəyinin əhəmiyyətli olduğunu vurğulayıblar.

Fransa Hökumətinin konstitusiya dəyişikliyi layihəsi martın 26-da açıq iclasda senatorlar tərəfindən müzakirə edilməlidir. Qanun layihəsinə dəyişiklik etmək üçün artıq 25 düzəliş müzakirəyə çıxarılıb. Düzəlişlərin 9-u müstəqil Yeni Kaledoniyalı senator Robert Xovie və onun təmsil etdiyi qrup Kommunist respublikaçı vətəndaş və ətraf mühitçi – Kanaky tərəfindən təqdim edilib. R.Xovie hətta mətnin müzakirəsinin qarşısını almaq üçün təşəbbüs irəli sürüb.