Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" keçiriləcək

Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" keçiriləcək

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" keçiriləcək.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində "exit-poll" keçirəcək: "Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi , 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir".