Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib

Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib

Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasına sədrlik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Birxeber.Az-ya verilən xəbərə görə, Milli Məclisin sədri bildirib ki, bu, Asiya Parlament Assambleyasının Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.

Spiker bugünkü görüşün rolu daim artan parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə ümidini ifadə edib. O, deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə və mövcud beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentin böhranların, münaqişələrin həlli prosesində iştirakı və parlament diplomatiyası klassik hökumət diplomatiyasını uğurla tamamlaya bilər və ona əvəzsiz töhfə verə bilər.

Parlamentlərarası təşkilatların fəaliyyətinin genişləndirilməsinə yönəlmiş qlobal tendensiyalar, parlamentlərarası əməkdaşlığı tənzimləyən normativ-hüquqi bazanın inkişafı, parlamentlərin qlobal qərar qəbuletmə proseslərində daim artan iştirakı - bütün bunlar parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə Asiya Parlament Assambleyasının rolu xüsusi vurğulanmalıdır. Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik.

Spiker çıxışının sonunda qeyd edib ki, biz müzakirə olunan məsələlərlə yanaşı, iki təşkilatın - Asiya Parlament Assambleyası və Parlamentlərarası İttifaqın ümumi məqsədlərin həyata keçirilməsində daha yaxşı nəticələr əldə etmək üçün fəaliyyətlərini və səylərini necə əlaqələndirə biləcəyi barədə də ciddi düşünməliyik. Həqiqi əməkdaşlıq mexanizmlərinin yaradılması hər iki tərəfin resurslarını artırmağa kömək edə bilər. Bu, şübhəsiz ki, onların biri-birinin fəaliyyətini tamamlayacaq və parlament diplomatiyasının təsirini gücləndirəcək.

İclas daha sonra Asiya Parlament Assambleyasına üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında Asiya Parlament Assambleyasının ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.