Azərbaycan millisinin baş məşqçisi: Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq

Azərbaycan millisinin baş məşqçisi: Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq

Yarışda iştirak edəcək hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq.

"Birxeber.Az" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində bildirib.

Mütəxəssis Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq prosesi barədə danışıb: "Vladiqafqazda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Rusiya, Azərbaycan, Qırğızıstan, Serbiya və Gürcüstandan olan heyətin birgə hazırlıq prosesi baş tutdu. Çox faydalı ümumi fiziki hazırlıq və xalça üzərində taktiki-texniki çalışmalar oldu. Toplanış o qədər yaxşı keçdi ki, hətta Bakıya qayıtdıqdan sonra istirahətə də ehtiyac duymadım. Buna şərait yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Zədəlilərimiz olmasaydı, həmin toplanışda daha geniş tərkibdə iştirak edərdik. Bakıda lisenziya turnirinə son hazırlıq prosesini bir neçə komanda ilə birgə keçəcəyik. Ancaq millinin yarışa neçə faiz hazır olduğunu indi deyə bilmərəm".

Tarakanov heyətdəki zədəlilərin durumunu açıqlayıb: "Bu idman növündə zədələnməmək mümkünsüzdür. Çünki bu, şahmat deyil. Hətta şahmatçının da bəzən başı hərlənir. Güləş ağır idman növüdür. Burada fiziki yüklənmə çox olur. Güləş həm də sürətli idman növüdür, hər şeyi tez etməlisən. Funksional, fiziki və texniki hazırlığın eyni vaxtda qaydasında olmalıdır ki, çempion ola biləsən. Avropada yunan-Roma güləşində rəqabət güclüdür. Ola bilər, hansısa idmançı Avropa çempionatında pis nəticə göstərsin. Ancaq bu, onun zəif güləşçi olduğunu göstərmir. Əminəm ki, onlar Bakıdakı yarışa çox yaxşı hazırlaşacaqlar".

Baş məşqçi komandanın qarşıdakı yarışda iştirak edəcək heyəti və ab-hava haqqında söz açıb: "Əhval-ruhiyyə yüksək səviyyədədir. Hamı lisenziya turnirinə köklənib. Heyəti artıq müəyyənləşdirmişik. Ancaq hələ ki, açıqlamırıq. Son toplanışda hər çəkidə 2 nəfəri nəzərdə tutaraq məşqlərimizi keçəcəyik. Əsas heyətdə nəzərdə tutduğumuz güləşçi zədələnsə, həmin çəkidəki digər idmançımız onu əvəzləməyə hazır olsun. Gözlənilməz hadisələrə hazır olmalıyıq. Bir tərəfdən bunu bizim lehimizə qiymətləndirmək olar. Digər tərəfdən güləşçilərə fərqli təsir göstərə bilər. Kim üçün isə adrenalin rolunu oynayacaq, kiməsə isə təzyiq yaradacaq. Bunun öhdəsindən gəlmək üçün psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Bu yarışa hazırlıq prosesi çərçivəsində bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var. Ola bilər, hansısa güləşçinin ustalıq səviyyəsinə söz ola bilməz, amma psixoloji cəhətdən zəifliyi ona problem yaradar. Məhz psixoloq dəstəyi sayəsində olimpiya çempionu ola bilər".

O, Azərbaycan millisinin lisenziya qazanmaq şanslarını dəyərləndirib: "Bunu demək çətindir. Yarış göstərəcək. Turnirdən öncə proqnoz verməyi xoşlamıram. Bütün azarkeşləri bu yarışa dəvət edirəm. İzləsinlər və güləşçilərimizə dəstək olsunlar. Onları həm yunan-Roma, həm qadın, həm də sərbəst güləş üzrə millinin üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram. Dəstək olun və qələbələrimizə sevinin".

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.